Sumqayıtda üçmərtəbəli binaların sökülməsi ilə bağlı açıqlama verilib. Bu barədə jurnalist Hafiz Babalının sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Xəbər verdiyimiz kimi, şəhərə gözəllik qatan həmin binalar 16-cı məhəllədə yerləşir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, köhnəlmiş və müasir tələblərə cavab verməyən tikililərin yerləşdiyi məhəllələrdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Həmin ərazilərdə müasir tələblərə cavab verən yeni məhəllələrin yaradılması planlaşdırılır.
İcra Hakimiyyətinin sifarişi ilə 16-cı məhəllənin yenidən qurulması üçün müfəssəl plan layihəsi hazırlanıb. Plan layihəsi Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi də daxil olmaqla bütün aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb.
Qeyd olunub ki, burada olan yaşayış və qeyri-yaşayış binalarının tarix və mədəniyyət abidələri siyahısına daxil olmadığı müəyyənləşdirilmişdir.