Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 18 avqust 1919-cu il tarixli, sərhədlərin mühafizəsi haqqında qəbul etdiyi qanunla Azərbaycanda Sərhəd Qoşunlarının formalaşması prosesi başladı. Qanuna əsasən, sərhəd mühafizəsinin təşkilinə dair vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu.
Nazirliyin tərkibində ilk öncə gömrük yığımları, daha sonra isə dövlət sərhədlərinin mühafizəsi şöbələri yaradıldı. AXC dövründə Azərbaycanın su sərhədlərinin mühafizəsi Hərbi Nazirliyə tabe olan qurumlara həvalə edilmişdi.
SSRİ dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi fəaliyyət göstərirdi.
16 dekabr 1991-ci ildə Dövlət Sərhədini Mühafizə Komitəsi yaradıldı. 1992-ci ildə komitə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə keçirildi və MTN-in Sərhəd Qoşunları İdarəsi adlandırıldı. Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli fərmanına əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb.
Ulu öndər Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə 18 avqust sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.