Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 12 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirdikdən sonra - 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. İş həyatına “Gilan Holdinq”də başlayıb, sonra isə “Kapital Bank”da davam edib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Fərhad bir an belə tərəddüd etmədən ordu sıralarına qayıdıb, Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. Oktyabrın 20-si Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cünü çıxararkən vurularaq şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, “Kapital Bank”ın 3-cü mikrorayonda fəaliyyət göstərən filialı şəhid Fərhad Fərhadlının adın daşıyır.