Corat bağlarında qətl törədən şəxs kameraya düşüb. Sumqayıt24 bu haqda 28 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Görüntülərdə bir silahlı kişinin səhər tezdən Dağbəyi Fərəcovun evinə yaxınlaşması əks olunub. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, həmin şəxs qapının açılmasından sonra ardıcıl atəş açıb.
İlkin ehtimallara görə, cinayəti törədən şəxsin əsas məqsədi Fərəcovun kürəkəni Serkan Karakaşı öldürmək olub. Karakaş Bakıda bir neçə yerdə dönərxana açaraq işlədirmiş. Onun biznes fəaliyyəti ilə bağlı münaqişəsinin olması istisna edilmir.
Hadisəni törədən kişinin Serkanın qaldığı yeri öyrənərək onu və ailə üzvlərini öldürmək qərarına gəlməsi güman olunur.