İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti "Azərfloat" şirkəti 2027-ci ildən şüşə emalına başlamağı planlaşdırır.
Sumqayit24.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Müəssisədə şüşənin kəsilməsi, temperlənməsi, laminasiyası və qablaşdırılması həyata keçiriləcək.
Yeni istehsal istiqaməti üzrə 70-ə yaxın əlavə iş yerinin yaradılması nəzərdə tutulur. 2021-ci ildən şəffaf şüşə istehsal edən müəssisənin gündəlik istehsal gücü 250–270 tondur və məhsulları ABŞ, Türkiyə, Polşa, İrlandiya, Gürcüstan, Ukrayna və digər bazarlara ixrac olunur.
Şirkət yeni emal imkanları hesabına məhsul çeşidini genişləndirməyi, ixrac coğrafiyasını artırmağı və beynəlxalq tikinti layihələrində iştirak etməyi hədəfləyir.
İxracatçılara tətbiq olunan yeni dövlət dəstəyi mexanizminin isə nəqliyyat xərclərinin azaldılmasına və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına töhfə verməsi gözlənilir.