Qurban bayramı İslamın müqəddəs bayramlarından biridir. “Qurban” - ərəbcə “Allahın rəhmətinə yaxınlaşma” mənasını ifadə edir. Bu bayram insanın istəyini qurban verməyə hazır olmasının simvolu hesab olunur və adətən, üç gün qeyd edilir.
Qurban bayramı İbrahim Peyğəmbərdən yadigar qalıb. İbrahim Peyğəmbər ahıl yaşlarına qədər övlad sahibi ola bilmir. Lakin sonralar onun İsmayıl adında oğlu olur. İsmayıl İbrahim Peyğəmbərə verilmiş nemətlə bərabər, onun mühüm sınağı olur.
İsmayıl böyüyəndə Allah İbrahim Peyğəmbərə vəhy göndərir ki, İsmayıl Allah yolunda qurban kəsilməlidir. Şeytan İbrahimi bu əmrdən imtina etməyə çağırır. Lakin o, şeytana tabe olmur.
Sınaq İbrahim Peyğəmbərin bıçağı İsmayılın boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. İbrahim Peyğəmbər yeganə neməti - oğlu ilə imtahan olunur və oğlundan da keçməyə hazır olduğunu nümayiş etdirir. Lakin Allah əmrin yalnız sınaq olduğunu bildirərək İsmayılın əvəzinə qoç kəsməyi tapşırır.
Qurban kəsərkən bir neçə məsələyə diqqət yetirilir: qurbanlığın üzü qibləyə kəsilməsi, kəsənin müsəlman olmasının vacibliyi, qurbanlığın Allahın adını çəkərək kəsilməsi. Həmçinin heyvanın sağlam olması vacibdir.
Kəsilən qurbanlar üç növə bölünür: beş yaşı tamam olan ibil (dəvə), bir yaşı tamam olan bəqar (inək və camış) və altı və ya yeddi ayı tamam olan qoyun (qoyun və keçi).
Hədislərə görə, qurbanlıq əti üç hissəyə bolünməlidir: ailə üzvlərinin payı, qohum- əqrəbadan olan ehtiyaclıların payı, qohum olmayan, qonşu və ətrafdan olan ehtiyaclı müsəlmanların payı.
Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.