Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbər heyətində dəyişiklik olub. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Elm və innovasiyalar üzrə prorektor Ramazan Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad edilib. O, bundan sonra Xarici dillər kafedrasında professor-məsləhətçi kimi fəaliyyət göstərəcək.
Ramazan Məmmədov 1 iyul 1944-cü ildə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. 2014-cü ildən Elm və innovasiyalar üzrə prorektor vəzifəsini icra edib.
R. Məmmədov filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti işıq üzü görüb.
Ailəlidir, 3 övladı, 5 nəvəsi var.