Ölkəmizdə bu günə qədər bir çox musiqi qrupu fəaliyyət göstərib. Lakin bir zamanlar dəbdə olan musiqi qruplarının çoxu zaman keçdikcə dağılmağa, öz populyarlığını itirməyə başlayıb.
Bu qruplardan biri də 20 ildir fəaliyyətini davam etdirən “Sevən ürəklər” qrupudur. Qrup üç nəfərdən (Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbi) ibarətdir.
Sumqayit24.az–ın əməkdaşı “Sevən ürəklər” qrupunun rəhbəri Nicat Zeynallı ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Nicat bəy, necəsiniz, işləriniz necə gedir?
- Bizi unutmadığınız üçün minnətdaram. Bizi hələ də yaddan çıxarmamısnız. Bizim üçün bu çox xoşdur. Hər şey əladır.
- Özünüz haqqında məlumat verməyinizi istərdim.
- Mən Nicat Zeynallı 1976-cı ildə dünyaya göz açmışam. Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm. Hazırda da xəstəxanaların birində kardioloq həkim olaraq fəaliyyət göstərirəm. Uşaq yaşlarımdan musiqiyə xüsusi həvəsim olub. Musiqi daim maraq dairəmdə idi. Skripka ifaçısı Kazbek Əliyevin tələbəsi olmuşam. Skripka ilə müxtəlif ifalar edirdim.
- “Sevən ürəklər” qrupunun ifaçılarından biri olmusunuz. Necə oldu ki, qrupa qoşuldunuz? Tanışlığınız necə yarandı?
- 2002-ci il fevralında Nail Yusifov ilə təsadüfən tanış oldum. Elə qrupu da ikimiz bir yerdə yaratdıq. Lider televiziyasında yayımlanan “Sing your song” mahnı müsabiqəsinə qatıldıq. Həmin vaxtdan bu günə qədər fəaliyyətimiz davam edir.
- O illərə qayıtmağınızı istərdim. “Sevən ürəklər” qrupu ilə ən yaddaqalan anlarınızdan bəhs edərdiniz.
- Həmin dövrdə müsabiqələr çox, sosial şəbəkələr yox idi. Efirlər insanlara maraqlı idi. Keyfiyyətli musiqi daha çox idi. Musiqi başqa səviyyədə idi. Azərbaycan estradasının pik qızıl dövrü 2000-2005-ci illər idi. Röya Ayxan, Zülfiyyə Xanbabayeva həmin dövrdə efirə çıxdı. 2005-ci ildən sonra Azərbaycan musiqisinin tənəzzül dövrü başladı.
O dövrdə maraqlar və zövqlər başqa idi. Hazırda televiziyalara maraq olmadığı kimi, bizi efirlərə qonaq çağıran da yoxdur. Sosial şəbəkələr televiziyalardan daha çox izlənilir. Yeni klip və mahnılarımız var. Tərkibimiz dəyişməyib. Biz narazı deyilik. Öz fəaliyyətimizdən, özümüzdən yox, musiqidən narazıyıq.
- Bir çox qruplar yaranıb, bir müddət sonra isə bağlanıb. Ümumilikdə neçə il birlikdə fəaliyyət göstərmisiniz? Qrupu dağılmağa qoymayan əsas səbəb nədir?
- Qrupumuzun dağılmamasının səbəbi aramızda olan dostluq münasibətidir. Nail Yusifov və qardaşı Samir Yusifov ilə çalışırıq. Nail Yusifov bizim bütün mahnıların müəllifidir. Biz həm dost, həm də ailəyik.
Bizim qrup sırf yaradıcılıq üzərində qurulub. Aramızda uyğunluq var. Həm səslər, həm də sözlər bir-birini tamamlayır. Mən düşünürəm ki, elə ömür boyu da belə də davam edəcək. Düşünürəm ki, bundan sonra qrupumuz 35-40 il də fəaliyyət göstərəcək. Canımız nə qədər sağlamdırsa, oxumaq fikrindəyik.
- Yeni qrupların yaradılmasında hansısa dəstəyiniz olubmu?
- Xeyr, yeni qrupların yaradılmasında heç bir dəstəyimiz olmayıb. Mən rejissor kimi də fəaliyyət göstərmişəm. Talıb Taleh, Nahidə Babaşlı, Sura İsgəndərli, Nigar Məhərrəm, Səidə Sultan, Faiq Ağayev kimi bir çox tanınmış müğənnilərlə çalışmışam. Bu insanların kliplərini çəkmişik. Müğənnilərin inkişafında rolumuz olub. Nail Yusifov bir çox müğənniyə mahnılar yazıb, aranjman edib. Nail hazırda Sumqayıtda studiyaların birində çalışır.
- Gənclərə nə tövsiyə edərdiniz?
- Pul arxasınca qaçmasınlar. Əsas işi sevməkdir. Son zamanlar zövqsüz və mənasız mahnılar yayılıb. Çalışsınlar, insanların zövqünü korlamasınlar.
- Bundan sonrakı planlarınızdan bəhs edərdiniz?
- Yeni mahnılar və kliplər üzərində çalışırıq. Artıq iki yeni mahnımıza klip çəkilib. Bizim “Həyat yoldaşı” adlı lirik mahnımız artıq çox rezonans doğurub. Bütün toylarda sevənlər və sevilənlər üçün o mahnı oxunur. Klipi də var. Qız adlarına da çoxlu mahnılar bəstələyirik. “Leyla” adlı mahnımıza çəkdiyimiz klip də çox populyar oldu.
- Sumqayıt xatirələrinizdən danışardınız.
- Bizim bütün gəncliyimiz Sumqayıtda keçib. Sumqayıtda toylara ilk diskoteka musiqisini biz gətirdik. O vaxta qədər Sumqayıt toyları tamamən fərqli idi. Sumqayıtda sırf pop musiqisinin dəbə minməsində “Sevən ürəklər” faktoru var. Bir nömrəli pop qrupu olmuşuq. Məncə biz tarixə yazılmışıq.
- Bu illər ərzində sizi efirlərdə çox az görməyimizin səbəbi nə idi? Hansı problemlərlə qarşılaşdınız bu ərəfədə?
- Sosial şəbəkələrə daha çox önəm veririk. Çünki orada daha çox izlənirik. Efirdə əvvəlki dəyər yoxdur. Tamaşaçılar görür ki, efir əvvəlki səviyyədə deyil. Ona görə sosial şəbəkələrə üstünlük veririk.
- Hazırda efirlərin vəziyyətindən razısınızmı?
- Efirlərin vəziyyətindən tamamilə narazıyam. Əksər tamaşaçı efiri izləmir və ona marağı da yoxdur. Özümüz də efirlərə çıxmaq istəmirik. Buna həvəs və istəyimiz yoxdur.
- Yeni yaranan qrupları, indiki ifaçıları necə qiymətləndirirsiniz?
- Yaxşı qruplar var. Rep və rok qruplarını sevirəm. Sadəcə tamaşaçı zövqünü dəyişib. Ciddi musiqini dinləyənlər azdır. Mən özüm reper Pasteri çox bəyənirəm. Maraqlı ifaçıdır.
- “Sevən ürəklər” qrupunun üzvləri hazırda hansı fəaliyyətlərlə məşğul olurlar?
- Nail Yusifov studiyada çalışır, aranjman edir. Hətta o bəstəkar kimi də fəaliyyət göstərir. Samir də bizimlə davam edir. Oteldə də çalışır. Mən də Sumqayıtda xəstəxanada çalışıram.
- Qrup olaraq sizi qane etməyən nüanslar varmı? Nələri dəyişdirmək istəyərdiniz?
- Konsert verə bilməməyimiz bizi narahat edir. Bu da kütlənin başqa musiqi janrlarına meyllənməsi ilə nəticələnir. Biz pop oxuyuruq. Məcburən qazanc əldə etmək üçün toy biznesinə meyil edirik. Bizdə xaricdə olduğu kimi konsertlərdən və kliplərdən qazanc əldə etmək istəyirik. Amma Azərbaycanda bu hələki mümkün deyil. Ona görə də toylarda çıxış edirik.
- Son vaxtlar “TikTok” platformasında ifalarınız və videolarınız məşhurdur. İnsanlara nostalji hisslər yaşadırsınız. Sizi yenidən bizim qarşımıza çıxaran “TikTok” oldu deyə bilərik?
- Bu fikirlə razılaşıram. Son zamanlar sosial şəbəkələrdə aktivik. İnsanlar çoxdandır efirdə bizi görmür. Sosialda daha rahatdır. Müntəzəm olaraq paylaşımlar və aktivlik nümayiş etdiririk. İnsanlar da bizi unutmur. Sosial şəbəkələr kütləyə bizi daha çox tanıdır.
Nəzrin Vahid