AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov ötən həftə Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən qəzaya münasibət bildirib. Sumqayıt24 bu haqda Oxu.az-a istinadən xəbər verir.
Onun sözlərinə görə, mətbuat işçiləri gün ərzində avtomobil yollarında baş verən qəzaların sayını bilsələr anlayarlar ki, bu qəza da onlardan biridir. Sədr, onlara bu hadisəni ümumrespublika matəminə çevirməməyi tövsiyə edib:
“Hadisənin baş verdiyi həmin yolda yol nişanları quraşdırılıb. Burada döngə, yol örtüyünün nahamar olduğuna dair, təmir işlərinin getdiyini göstərən işarələr var. Sürücülər o yolda qoyulan yol nişanlarına, sürət həddinə riayət etsə qəza olmaz. Ümumiyyətlə, həmin ərazidə yolda dalğavari heç nə yoxdur. Ora körpüyə yaxınlaşma yolu olub və çökmə baş verib. Orada yolun üç zolaqlıdan iki zolaqlıya keçməsi barədə nişan qoyulub”.
Saleh Məmmədov bu faciənin ona pis təsir etdiyini bildirib. “Bəlkə də həmin sürücü fikirli olub, bu səbəbdən də qəza baş verib. Həmin faciə də o ailədə iki gün öncə baş verən hadisənin təəssüratlarının özündə əks olunmasından olub”, - deyə sədr əlavə edib.