Bu gün Vətən müharibəsi şəhidi Ülvü Məhərrəmovun mövlud günüdür.
Əslən Qubadlı rayonundan olan Ülvü Tahir oğlu Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub.
2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Ülvü Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.