Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ictimai dinləmə keçirilib. Sumqayıt24 bu haqda 25 noyabr tarixində xəbər verir.
Tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak ediblər.
Görüşdə Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən istismar müddətini başa vurmuş 1 nömrəli, Kimyaçılar yaşayış massivindəki 3 nömrəli və 2-ci mikrorayon ərazisində olan 13 nömrəli yataqxanaların söküntü layihələri, Babək küçəsi, 52 ünvanındakı yaşayış kompleksi ərazisində yeraltı qarajın tikintisi layihəsi müzakirə olunub.
Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmlərindən danışılıb, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə edilib və yekun rəyin qəbulu üçün maraqlı tərəflərin fikirləri dinlənilib.