Sumqayıtda pilot layihə çərçivəsində yenidoğulmuşlardan topuq testi nümunələrinin alınmasına başlanılıb. Sumqayıt24 bu haqda şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, nümunələr Perinatal Mərkəzdə tam ödənişsiz və valideynin razılığı əsasında alınır. Test vaxtında doğulmuşlardan 48/72-ci saatlarda, vaxtından əvvəl doğulmuşlarda isə 10-cu sutkayadək götürülür.
Bunun vasitəsilə fenilketonuriya, anadangəlmə hipotrioz, qalaktazemiya, adrenogenital sindrom və kistik fibroz (mukovisidoz) olmaqla 5 xəstəliyin diaqnozu qoyulur. Vaxtında aparılan müalicə körpənin həyatını xilas edir və əlilliyin qarşısını alır.