Sumqayıtda tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Sumqayıt24 bu haqda şəhər Tibb Mərkəzinin (STM) sosial şəbəkə hesabına istinadən xəbər verir.
Genişləndirilmiş iclas sözügedən mərkəzdə baş tutub. Burada çıxış edən STM-in direktoru Səkinə Sadıxova tibb ocaqlarında bir sıra yeniliklərin olacağını, yaxın vaxtlarda 1 nömrəli şəhər və Uşaq xəstəxanalarında müasir laboratoriyaların yaradılacağını bildirib. O, qeyd edib ki, STM-in tabeliyində olan tibb müəssisələrinə ay ərzində daxil olan vətəndaş müraciətlərinin sayı artıq 10 minə çatıb.
Sadıxova müəyyən çatışmazlıqların aradan qaldırılması üçün baş həkimlərə tapşırıq və tövsiyələrini verib.
Daha sonra isə, direktor müavinləri İlkin Namazov və Həsən Hüseynov Aİlə Sağlamlıq Mərkəzlərində (ASM) aparılan monitorinqlərin nəticəsini açıqlayıb, COVİD-19 pandemiyası ilə bağlı statistik göstəriciləri özündə əks etdirən təqdimatla çıxış ediblər.
Sonda çıxış edən TƏBİB-in koordinatoru Orxan Bağırzadə, STM-də səhiyyə mühitinin sağlamlaşdırılması və vətəndaş məmnunluğu istiqamətində aparılan işləri təqdir edib, bu sahədə kollektivə uğurlar arzulayıb.