Şəhriyar Məmmədyarov Dünya Kubokundakı hədəflərindən danışıb. Sumqayıt24 bu haqda 28 iyul tarixində Report.az-a istinadən xəbər verir.
38 yaşlı qrossmeyster mötəbər yarışlarda uğursuzluğa son qoymaq niyyətindədir:
“Dünya Kuboku özümü ən yaxşı tərəfdən göstərə biləcəyim turnirdir. Təəssüf ki, uzun illərdir bu yarışda tam performansımı sərgiləyə bilmirəm. Bir neçə il əvvəl Dünya Kubokunda 1/4 finala qədər uğurla irəlilədim, ancaq həmin mərhələdə mübarizəni dayandırdım. Düşünürəm ki, həmin vaxtlar çox stresli idim. Yəqin ki, bu dəfə daha rahat oynayaram”.
Sumqayıtlı “Şah” dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsendən çəkinmədiyini bildirib:
“Karlsen üzərində qələbələrimiz az olmayıb. O, dünyanın bir nömrəli şahmatçısıdır. Bunu heç kim müzakirə etmir. Amma onu dəfələrlə məğlub etmişik. Karlsen özü də heç vaxt Dünya Kubokunun qalibi ola bilməyib. Onun uğur qazana bilmədiyi yeganə turnir məhz Dünya Kubokudur”.