G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qəbul imtahanında ən yüksək nəticə göstərən sumqayıtlı şagird uğur hekayəsindən danışıb. Sumqayıt24 bu haqda 24 iyun tarixində xəbər verir.
Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Cavid Nəzərov I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 692.8 bal toplayıb. Onun 13 sinif yoldaşı qızıl medala namizəddir.
Cavid Nəzərov Tehsilmedia.az-ın suallarını cavablandırıb:
- İmtahana hazırlıq mərhələsi necə keçib?
Düşünürəm ki, mənim üçün imtahana hazırlıq mərhələsi rahat keçib. Bu dövrdə, demək olar ki, çox az hallarda çətinliklərlə rastlaşmışam.
- İkinci imtahanda iştirak edəcəksən?
Bəli, informatika fənnindən etdiyim diqqətsizliyi aradan qaldırmaq istəyirəm. Buna görə imtahana qatılıb, 696 bal yığmaq məqsədimdir.
- İmtahan öncəsi ailəniz tərəfindən təzyiqə məruz qalmısınız?
Xeyr, ailəm hər zaman ən böyük dəstəkçimdir. Hətta az bal toplasam belə, ruhdan düşməməyimi tövsiyə edirdilər.
- 700-ə yaxın bal topladığını deyəndən sonra paxıllıq edən oldumu? Bu qədər balı toplamaq asan deyil.
Paxıllıq edən olmayıb. Əksinə, ətrafımda olan insanlar bu uğuruma sevinib, məni səmimi qəlbdən təbrik ediblər.
- Təhsilinin növbəti mərhələləri haqqında nə düşünürsən?
İxtisas seçimi zamanı Bakı Ali Neft Məktəbinin Informasiya təhlükəsizliyi ixtisasını seçəcəyəm. Bakalavr mərhələsini bitirdikdən sonra da təhsilimi davam etdirməyi düşünürəm.
- Ən böyük stimul aldığın insan kimdir?
Ən böyük stimul mənbəyim valideynlərim, xüsusən anamdır. O, mənə elm, təhsil və savadın çox şeydən, o cümlədən maddiyyatdan önəmli olduğunu öyrədib.
- Gələcəkdə özünü harada görürsən?
Gələcəkdə ozümü seçdiyim sahənin peşəkar mütəxəssisi olaraq görürəm.
Sonda Cavid Nəzərov bu nəticəni əldə etməsində əməyi olan bütün müəllimlərinə dərin təşəkkürünü bildirib.