Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 Modern.az-a istinadən xəbər verir.
Onun oğlu Orxan Məmmədzadə bildirib ki, bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər:
"Atam hazırda evdədir, vəziyyəti çox ağırdır, həkimlər ümidverici söz demirlər”.
Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.
Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına, jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.