Novxanı sakini təbii qaz sərfiyyatına görə ona əsassız borc hesablandığını iddia edir.
Novxanı qəsəbəsi Şıxəli Qurbanov küçəsində yaşayan Samirə Yusifova deyir ki, hər ay istifadə etdiyi təbii qazın ödənişlərini mütəmadi şəkildə həyata keçirib.
Onun sözlərinə görə, smart kart sistemindən istifadə etsələr də, sonradan sistemdə texniki problem yarandığı məlum olub. Nəticədə istifadə etmədikləri qaz üçün də əlavə 1306 manat borcu yaranıb.
Samirə Yusifovanın sözlərinə əsasən, təxminən bir il əvvəl ailəsinə əvvəlcədən məlumat verilmədən qaz sayğacı dəyişdirilib və əvəzinə mexaniki sayğac quraşdırılıb. Yeni sayğacın yaşadıqları evdən uzaqda yerləşdirilməsi isə ailə üçün əlavə çətinlik yaradıb.
Məsələ ilə bağlı Abşeron Qaz İstismar Sahəsindən bildirildi ki, problemdən məlumatlıdırlar. Vətəndaşın müraciətinə baxılıb və məsələ ilə bağlı Azəriqaz istehsalat birliyinə rəsmi məktub göndərilib.
Qaz İstismar Sahəsindən verilən məlumata görə, vətəndaşın hesabında yaranmış əlavə borcun araşdırılaraq qısa müddət ərzində silinəcəyi təmin ediləcək.
Ətraflı "Xəzər Xəbər"in süjetində.