Sumqayıt Dövlət Dram Teatrında "Zülmətdə nur" tamaşası nümayiş olunacaq. Bu haqda 20 oktyabr tarixində Sumqayıt24 teatra istinadən məlumat verir.
Səhnə əsəri Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunur. Teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa 25 oktyabr saat 18:00-da səhnələşdiriləcək.
Tamaşada 37-ci ilin repressiya mənzərəsi mükəmməl şəkildə yaradılıb. Mütəfəkkir şair, dramaturq, istiqlal sevdalı Hüseyn Cavidin, onun ailəsinin faciəsinin kontekstində dövrün həqiqət carçıları Əhməd Cavadın, Mikayıl Müşfiqin, ailələrinin də müsibətləri səhnəyə gətirilir. Repressiya dəhşətləri, erməni məkrləri, milli ruhun boğulması həm ədəbi mətndə, həm rejissor yozumunda, həm də bədii tərtibatda vəhdət şəklində tamaşaçıya çatdırılır.