Sumqayıt şəhərində 2026-2027-ci tədris ilində peşə təmayüllü siniflərin tətbiq ediləcəyi yeni məktəblərin siyahısı açıqlanıb.
Sumqayit24.az-a bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni tədris ilindən etibarən Sumqayıt şəhərində 5 və 35 nömrəli ümumi təhsil məktəblərində peşə təmayüllü siniflər fəaliyyət göstərəcək.
Məlumata görə, hər iki məktəbdə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə kompüter mütəxəssisi ixtisası, əlavə olaraq 5 nömrəli məktəbdə aşpaz köməkçisi, 35 nömrəli məktəbdə isə kombi-kondisioner ustası ixtisasları tədris olunacaq.
Həmin ixtisaslara uyğun olaraq siniflər zəruri avadanlıqlarla təchiz ediləcək və şagirdlər üçün nəzəri dərslərlə yanaşı, praktiki məşğələlər də təşkil olunacaq.
Məlumat üçün bildirək ki, ötən tədris ilində Sumqayıt şəhərində 9 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərib. Bu siniflərdə aşpaz köməkçisi, İKT, dərzi köməkçisi, kombi-kondisioner ustası və digər ixtisaslar üzrə tədris həyata keçirilib.