Sumqayıtda müxtəlif ərazilərdə yolların bərbad vəziyyətdə olması sakinlərin gediş-gəlişini çətinləşdirir.
Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.
Qeyd olunub ki, Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsində, sakinlər arasında "Şərq bazarı" kimi tanınan ərazinin arxa hissəsində yerləşən yol baxımsız vəziyyətdədir.
Çala-çuxurlarla dolu olan yolda həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti ciddi çətinlik yaradır.
Bundan əlavə, Corat qəsəbəsində, 2 saylı bağçanın yaxınlığındakı yolun da bərbad vəziyyətdə olduğu bildirilir.
Sakinlərin sözlərinə görə, ərazidə qış aylarında palçıq, yayda isə toz səbəbindən hərəkət etmək çətinləşir.
Vətəndaşlar sözügedən yolların asfaltlanmasını və problemin aradan qaldırılmasını xahiş edirlər.