Sumqayıt şəhərində 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlar iştirak ediblər.
Bildirilib ki, 2025–2026-cı tədris ili Sumqayıt təhsilinin uğurlu nəticələri ilə yadda qalıb. Sumqayıt məktəblərinin 237 məzunu 600-dən yuxarı, onlardan 91-i isə 650 və daha yüksək bal toplayıb.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan gəncləri, onların valideynlərini və müəllimlərini səmimi qəlbdən təbrik edib, məzunlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.
Tədbirin sonunda ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlara hədiyyələr, təhsil sahəsində səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisinə isə fəxri fərmanlar təqdim olunub.