“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) “Sabahın Gücü” İnkişaf Proqramı çərçivəsində yeni layihəyə başlayıb. Bu haqda 5 mart tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
“Zərif Mühəndislər” gənc mühəndis xanımların inkişafı layihəsi STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondunun qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Proqramın başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.
Layihədə iştirak etmək istəyən gənclər aprel ayında Təhsilin İnkişafı Fonduna müraciət edərək proqrama qoşula biləcəklər. Əlavə və yenilənən bütün məlumatları *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsindən (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə etmək mümkündür.
Qeyd edək ki, son 3 il ərzində inkişaf proqramından 200-dən çox gənc istedad faydalanıb.