top
Dünya ulduzlarına yeməklər hazırlayan sumqayıtlı aşpaz - MÜSAHİBƏ
30 avqust 2024, 09:15
- +

Dünya ulduzlarına yeməklər hazırlayan sumqayıtlı aşpaz - MÜSAHİBƏ

“Vaxtilə “Yuventus” komandasında oynamış məşhur futbolçu Federiko Bernardeskiyə, tanınmış müğənnilər Abel Tesfaye (The Weeknd) və Dreykə, həmçinin bir sıra digər aktyor və idmançılara yemək hazırlamışam”.

Bu sözləri Sumqayıt24-ə müsahibəsi zamanı Kanadada aşpaz kimi çalışan həmyerlimiz Telman Bağırov deyib.

Telmanın 24 yaşı var və Sumqayıtda anadan olub. 15 yaşında Kanadaya təhsil almaq üçün gedib. Aşpazlıq təhsilini aldığı müddətdə Toronto şəhərinin bir çox restoranlarında çalışıb. Onun peşəkarlığını görən digər məşhur restoran sahibləri müsahibimizi işə dəvət ediblər. Beləliklə o, karyerasında ciddi addımlar atmağa başlayıb və işlədiyi yerlərdə məşhur şəxslərə yemək hazırlama şansını əldə edib.

Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq sizi tanıyaq?

- Sumqayıt şəhərində dünyaya gəlmişəm. 2015-ci ilə kimi burada yaşayıb, “Təfəkkür” liseyində oxumuşam.

- Hazırda hansı ölkədə yaşayır və işləyirsiniz?

- 9 ildir ki, Kanadanın Toronto şəhərində yaşayıram. Hazırda “Blue Bovine” restoranının baş aşpaz köməkçisi (“Sous chef”) kimi çalışıram. Bundan əvvəl ölkənin ən yaxşı “Steak House”-u seçilmiş “Blueblood”da şef, həmçinin Mişlen ulduzlu bir neçə restoranda işləmişəm. Bu müddət ərzində Alfonso Yakkarino, Danielle Korona, Daniyel Bulud və Qordon Remzinin köməkçisi olmuş Skot Sanderson kimi dünyaca məşhur aşpazlarla birgə çalışmışam.

Foto Sumqayıt24

- İlk başlarda hansı çətinliklərlə qarşılaşdınız?

- Ən başda dil baryerinə görə çətinlik çəkirdim. Həm də yerli əhalinin mədəniyyəti bizimkindən tam fərqlidi. Ona uyğunlaşmaq vaxt tələb etdi. Üstəlik dostlarımdan və yaxınlarımdan da uzaqda idim. Bu da mənə çətin gəlirdi. Amma zamanla uyğunlaşdım.

- Deyirsiniz ki, məşhur restoranlarda çalışmısınız, orada tanınmış şəxsləri görmək və yaxud da onlara yemək hazırlamaq şansınız olub?

- Bəli, çox məşhurlarla rastlaşmışam. “Toronto Raptors” klubunun basketbolçuları, “Toronto” komandasının futbolçuları, çoxunun “Yuventus”dan tanıdığı Federiko Bernardeski, tanınmış müğənnilər Abel Tesfaye (The Weeknd) və Dreyk, bir sıra digər aktyor və idmançılarla şəxsən tanışam. Onlar üçün xüsusi yeməklər bişirmişəm. Onlar yeməkləri bəyəndikləri üçün mənə yaxınlaşaraq, təşəkkür ediblər.

Foto Sumqayıt24

- Xaricdə yaşamaya necə qərar verdiniz və bu qərara nə təsir etdi?

- Anam burada yaşayırdı. Kanadaya gəlib təhsil almağı və işləməyi təklif etdi. Mən də bu şansı dəyərləndirdim.

- Xaricdə aşpaz olaraq çalışmağınız sizə nə kimi yeni bacarıqlar qazandırdığını düşünürsünüz?

- Nizam-intizam.

- Xarici müştərilər üçün Azərbaycan yeməkləri hazırlamısınız?

- Müştərilərə Azərbaycan mətbəxinin təamlarını hazırlamamışam. Amma özümə və kanadalı dostlarıma tez-tez bişirirəm. Çox xoşlarına gəlir.

- Yeni ölkədə mətbəx sahəsində qarşılaşdığınız ən böyük çətinliklər nələr olub?

- Ən başda maaş az, iş isə çox idi. Mətbəx sahəsinə təzə gələn hər kəs bu mərhələdən keçir. Onlara demək istəyirəm ki, əzmlə və dürüst çalışandan sonra hər şey olacaq.

- Yerli mətbəxdə nələri bəyəndiniz və onları Azərbaycan yeməkləri ilə necə uyğunlaşdırardınız?

- Kanadanın demək olar ki, yerli mətbəxi yoxdur. Ölkə müxtəlif millətlərdən ibarətdir. Burada daha çox Avropa mətbəxi məşhurdur. Mən Fransa mətbəxi ilə çalışmağı sevirəm. Çünki onlar hər xırda detala fikir verirlər. Düşünürəm ki, Azərbaycan üslubunda da menyu hazırlamaq mümkündür.

- Sizcə, Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə daha çox tanınması üçün nə etmək lazımdır?

- Fikrimcə turistləri cəlb etmək, restoranlara və istedadlı aşpazlara investisiya yatırmaq kifayətdir.

- Gələcəkdə hansı yeni kulinariya layihələrini həyata keçirmək istəyirsiniz?

- Planlarım hələlik sadədir. İşləməyə və yeni mətbəxlərin təamlarını öyrənməyə davam edəcəm. Yeni nələrisə öyrənməyi və yeməklərlə işləməyi sevirəm. Sonrasına isə baxarıq.

- Sizcə, Azərbaycan mətbəxində hansı ənənəvi yeməkləri xaricdə tanıtmaq daha uğurlu olar?

- Bu barədə düşünməmişəm. Tam olaraq hamısını danddıqdan sonra cavab verə bilərəm. Amma ən sevdiyim Azərbaycan yeməyi küftədir.

- İşdə başınıza gələn ən maraqlı hadisə nə olub?  

- Milyarder rəqqasələr qrupu ilə restoranımıza gəlmişdi. Hər şey sakit davam edirdi. Amma vəziyyət birdən dəyişdi, onlar sərxoş olduqdan sonra mətbəximizin önündə bir-bir ilə dalaşmağa başladılar. Loru dildə desək saçyolduya çıxdılar. Biz də kənardan seyr edirdik.

- Əgər aşpaz olmasaydınız hansı sahəni seçərdiniz?

- Hüquqşünas olmağı planlaşdırırdım. Sonra bu ixtisasın həm pulumu həm də vaxtımı aparacağını düşündüm. Aşpazlığı sevdiyim üçün məhz o işin arxasınca getdim. Düşünürəm ki, insan özünü daha çox hansı sahədə görürsə onu seçməlidir, elə olduğu təqdirdə daha yaxşı uğur qazanmaq şansı əldə edir. 

- Ümumiyyətlə Azərbaycan və doğulduğunuz Sumqayıt şəhəri üçün darıxdığınız səbəbləri sadalaya bilərsiniz?

- Darıxıram. Demək olar ki, hər şey üçün darıxıram. Yaxınlarım, doğmalarım və dostlarım üçün darıxıram. Vətənlə bağlı həddindən artıq xatirələrim var.  Məsələn, məktəb vaxtlarım və bibim oğlu ilə yay-qış demədən futbol oynadığımız vaxtları tez-tez xatırlayıram.

- Azərbaycanda öz restoranınızı açmaq istərdinizmi?

- Düzünü desəm yaxın gələcəkdə bu barədə düşünmürəm. Təqaüdə çıxanda isə balaca və sakit restoran açmaq istəyərdim.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:46

Sumqayıtda gecə dərman lazım olsa, hara müraciət etməli? - SİYAHI

Bütün xəbərlər
Dünən, 17:02

Bazar günü çimərlik planı quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 16:15

Polisdən bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıtın gənc cüdoçularından YÜKSƏK NƏTİCƏ

Bütün xəbərlər
Dünən, 14:55

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:40

İstirahət günü Sumqayıtda plan quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 13:57

Dünyanın nüfuzlu universitetlərindən biri sumqayıtlı məzunu seçdi

Bütün xəbərlər
Dünən, 13:01

Sumqayıtda EV YANDI

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda yenilənməyə ehtiyacı olan şəhid fotosu

Bütün xəbərlər
Dünən, 11:20

MİQ üzrə nəticələr açıqlandı

Bütün xəbərlər
Dünən, 11:04

Vətənə canını fəda edən sumqayıtlı şəhidlərimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 10:15

Sumqayıtda kişi işlədiyi köşkdə ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda yolda "gizlənən təhlükə"

Bütün xəbərlər
31 iyul 2026, 22:54

Sumqayıtın bağça müdirindən zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
31 iyul 2026, 17:48

Sumqayıt şəhəri niyə zibilliyə çevrilir?

Bütün xəbərlər
31 iyul 2026, 17:20

Sumqayıtda uşaq bağçada fiziki zorakılığa məruz qalıb? - İDDİA

Bütün xəbərlər
31 iyul 2026, 16:27

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ

Bütün xəbərlər
31 iyul 2026, 16:16

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün xəbərlər
31 iyul 2026, 16:14

Az bal toplayan abituriyentlərə FÜRSƏT

Bütün xəbərlər
31 iyul 2026, 15:23

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu

Bütün xəbərlər
31 iyul 2026, 15:01

Şənbə günü çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
31 iyul 2026, 14:06

Sumqayıtda avtobusda yeni sərinləmək üsulu - Açıq qapı və pəncərələr

Bütün xəbərlər
31 iyul 2026, 13:34

Sumqayıtda avqustun ilk günü 36° isti olacaq

Bütün xəbərlər
31 iyul 2026, 12:50

Karvanların keçdiyi, igidlərin qoruduğu Corat

Oxşar xəbərlər